Regionlarda baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir kiçik və orta tutumlu ət kəsimi məntəqələrinin yaradılmasının təşviq edilməsi və dəstəklənməsi məqsədilə martın 10-da xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qida təhlükəsizliyi tələblərinə uyğun heyvan kəsimi və satışının həyata keçirilməsi ilə əlaqədar olaraq monitorinqlər keçirilmiş və qəssablarla maarifləndirici söhbətlər aparılmışdır. Görüşlərdə heyvanların qida təhlükəsizliyi tələblərinə uyğun, baytarlıq-sanitariya, sanitar-gigiyena qaydaları çərçivəsində kəsilməsinin zəruriliyi barədə məlumat verilib. Bildirilib ki, kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir. Heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yolkənarı, məhəllə, park və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.